Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyası tərəfindən yem məhsullarında genetik modifikasiya edilmiş orqanizmlərin (GMO) aşkar edilməsi və onların kəmiyyətcə təyini üzrə yüksək səviyyəli laborator analizlər həyata keçirilir.

Bu barədə Foodinfo.az-a AQTİ-dən bildirilib.

Laboratoriya ölkədə GMO-ların unikal identifikatorlarının müəyyən edilməsi və miqdar üzrə analizinin aparılması sahəsində ixtisaslaşmış yeganə laboratoriya kimi fəaliyyət göstərir. Bu çərçivədə həm bitki spesifik gen, həm də hər bir GMO növünə məxsus unikal identifikatorların müəyyən edilməsi məqsədilə müasir laborator müayinələr aparılır. Analizlər son texnologiyalara əsaslanan, yüksək həssaslığa malik real zamanlı PZR (Polimeraz Zəncir Reaksiyası) avadanlıqları vasitəsilə icra olunur.

Laboratoriyaya daxil olan qida, yem və toxum məhsullarında GMO-nun mövcudluğunun müəyyən edilməsi üzrə sınaqlar beynəlxalq standartlara tam uyğun şəkildə aparılır. Milli Referens Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akreditasiya olunub.

Bununla yanaşı, Milli Referens Laboratoriyası GMO-nun kəmiyyətcə təyini və digər unikal GMO identifikatorlarının müəyyən edilməsi üzrə beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edərək öz peşəkarlığını və etibarlılığını təsdiqləyib.