
Bərdə rayonu, Seyid Yusifli kəndində fəaliyyət göstərən Qasımov Sahib Müzəffər oğluna məxsus pendir sexində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən plandankənar yoxlama həyata keçirilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı müəssisənin südün bişirilmə sahəsinin döşəməsinin təmirsiz olduğu, təmizlik işlərinin həyata keçirilmədiyi, südün bişirilməsi sahəsindən mayalanma sahəsinə daşınmasında istifadə edilən boruların tələblərə uyğun olmadığı, alət və avadanlıqların, eləcə də qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi məlum olub. Müəssisədən yaxma nümunələri götürülüb, mayalanma çənində uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. İcrası məcburi göstərişlər verilib.

