Yay fəslində ən çox istehlak edilən meyvələrdən biri olan qarpız bəzən sağlamlıq baxımından gözlənilməz risklər daşıya bilər. Foodinfo.az bildirir ki, həddindən artıq qarpız istehlakı qanda şəkərin sürətli yüksəlməsinə səbəb ola bilər və bu, xüsusilə diabet riski olanlar üçün təhlükəlidir. 

Qarpızın kəsildikdən sonra açıq havada uzun müddət saxlanması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Qoxulu, rəngi solğun və ya lifli strukturlu meyvələr keyfiyyətsiz ola bilər. 

Qarpızı soyuducuda, təmiz şəkildə, örtülü saxlamaq vacibdir. Soyuq halda sürətlə yeyilməsi mədə spazmı və həzmsizlik yarada bilər. Uşaqlara təqdim olunarkən miqdar az, tox qarına verilməlidir. 

Mövsümündə alınan yerli məhsullar hormonlu idxal qarpızlara nisbətən daha sağlam seçim sayılır. Mədə problemi olanlar qarpızı çörəklə birlikdə istehlak etməməlidir. 

Qarpız su ilə dolu meyvə olduğu üçün bədəni sərinlədirsə də, ifrat istifadəsi ishal riski yarada bilər. Sağlam həddə və düzgün şəraitdə yeyildikdə qarpız yay aylarının əvəzsiz təbii neməti olaraq qalır.