
2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” ilə bağlı sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri görüş iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə, sözügedən məhsulların istehsalına dair xüsusi tələblər izah edilib.
Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.
Sahibkarların nəzərinə çatdırılıb ki, sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.
Görüş zamanı sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün AQTA-nın aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.