Bədənin təxminən dörddə üçünü təşkil edən su həm ümumi bədən sağlamlığı, həm də maddələr mübadiləsinin işlənməsi baxımından vacib amillərdən biridir. Ramazan ayında oruc tutan insanlarda orqanizmin suya olan ehtiyacının ödənilməsi daha da önəm kəsb edir. Susuzluq zamanı yarana biləcək bir çox sağlamlıq probleminin qarşısını almaq üçün Ramazan ayında iftardan başlayaraq sahura kimi ən azından 2,5 litr su içmək məsləhət görülür. Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün nələr etməliyik?
Foodinfo.az-ın məlumatına görə, mövzu ilə bağlı AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Rəna Kəngərliyə müraciət edib. Mütəxəssis bildirib ki, Ramazan ayında oruc tutan insanların qidalanma rejimi adi günlərdən fərqlənir. Bu il Ramazan ayı yaz fəslinə təsadüf etdiyi üçün aclıq və susuzluğu daha çox hiss edə bilərik.
"Bu səbəbdən imsak və iftar zamanı tərkibində maye olan qidaların qəbuluna daha çox üstünlük verməliyik. Susuzluqdan əziyyət çəkməmək üçün imsak zamanı mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərin və qızartmaların tərkibində müxtəlif ədviyyatlar, souslar olduğu üçün həmin qidaların imsak süfrəsində yer alması tövsiyə olunmur. Həmçinin imsakda şirniyyatların qəbuluna da nəzarət etmək lazımdır", - deyib.
AQTİ mütəxəssisi bildirib ki, iftar ilə imsak arasında bol miqdarda su içilməsi tövsiyə olunur. Tünd qara çay və kofein tərkibli içkilərin içilməsi isə məsləhət görülmür.
"Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsulların qəbulu daha məqsədə uyğundur. Gün ərzində orqanizmin ehtiyac duyduğu su qəbulunun təxminən 1-2 litr olduğunu nəzərə alaraq maye qəbuluna xüsusi diqqət yetirməliyik. Qəbul edilən su miqdarı iftar və imsak arasında bərabər şəkildə paylanmalıdır",- deyə mütəxəssis fikrini tamamlayıb.