Rusiya Federasiyasının istehsalçı şirkəti “Kurinoe Çarstvo” müəssisəsinə məxsus dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.

Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib.