Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunan təlimlərə qatılaraq uğurlu nəticələr əldə edən sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatların təqdim olunması mərasimi keçirilib. 

Foodinfo.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, qida sahəsində gigiyena tələblərinə dair təlimlərə cəlb olunanların sayı artıb. Bu ilin ötən 8 ayında sözügedən təlimlərdə 309 qida subyektinin 1743 əməkdaşı iştirak edib. Onlardan 1473-ü uğurlu nəticə göstərib, 270-i isə uyğunsuz nəticə əldə edib. Həmçinin vurğulanıb ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimlər iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir. Təlimlərdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılır. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilir. İnteraktiv formada təşkil edilən təlimlərin sonunda iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi testlərlə qiymətləndirilir və sertifikatlaşdırılır.

Sertifikata layiq görülən sahibkarlıq subyektlərinin əməkdaşları təlimlərin təşkilinə görə AQTİ-yə təşəkkür edib, qazandıqları bilikləri təmsil olunduqları müəssisələrdə tətbiq edəcəklərini vurğulayıblar. 

Xatırladaq ki, qanunvericiliyə əsasən, qida subyektlərində qida ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmaması AQTA tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir. 

Qeyd edək ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.