Mütəxəssislər bildirirlər ki, qidaların düzgün hazırlanması onların qida dəyərinin qorunmasında mühüm rol oynayır. Xüsusilə ət və balıq kimi məhsullar yanlış bişirildikdə həm faydalı xüsusiyyətlərini itirə, həm də sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutri­sioloq Yekaterina Stasyuk bildirib ki, həddindən artıq qızardılmış ət və balıq sağlamlığa mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, belə qidalar müxtəlif xəstəliklərin, o cümlədən ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

Mütəxəssis məsləhət görür ki, zərif balıq növlərini göyərti əlavə etməklə suda qaynatmaq və ya buxarda bişirmək daha faydalıdır. Daha sıx quruluşa malik balıq və ət növlərini isə 120 dərəcə temperaturda sobada bişirmək və ya yağ əlavə etmədən qril üsulu ilə hazırlamaq tövsiyə olunur. Qida dəyərinin daha yaxşı qorunması üçün bişirmə zamanı xüsusi soba paketindən istifadə etmək də faydalı hesab edilir.

Bundan əlavə, sobada bişirilərkən ətin tərkibindən çıxan şirə çoxlu qida maddələri ehtiva edir. Həmin şirədən sous hazırlanmasında istifadə etmək yeməyin həm dadını, həm də faydasını artırmağa kömək edə bilər.