Sarımsaq uzun illərdir faydalı xüsusiyyətləri ilə tanınan qidalardan biri hesab olunur. Bir çox insan onun immuniteti gücləndirdiyinə inanaraq çiy şəkildə qəbul etməyə üstünlük verir. Foodinfo.az Verywell Health saytına istinadla xəbər verir ki, çiy sarımsağı bütöv şəkildə udmaq bəzi hallarda həzm sistemi üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, sarımsağın tərkibindəki faydalı maddələr əsasən əzildikdə və ya doğrandıqda daha aktiv formada ortaya çıxır. Bütöv şəkildə udulan sarımsaq isə bəzi insanlarda mədə yanması, qıcqırma və həzm narahatlığı yarada bilər. Xüsusilə həssas mədə-bağırsaq sistemi olan şəxslərdə bu təsirlərin daha çox müşahidə olunduğu bildirilir. Bundan əlavə, böyük dişlərin çeynənmədən udulması boğulma riski də yarada bilər.
Amerikalı dietoloq Keri Gans bildirib ki, sarımsağın faydalarından maksimum yararlanmaq üçün onu xırdalayıb qida rasionuna əlavə etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu üsul həm faydalı birləşmələrin aktivləşməsinə kömək edir, həm də həzmi asanlaşdırır. Ekspert qeyd edir ki, hər hansı qidanın həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər. Buna görə də sarımsaqdan istifadə zamanı ölçülü davranmaq tövsiyə olunur.






