İsti havalarda orqanizmin maye və mineral ehtiyatlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə bir çox insan susuzluğunu yatırmaq üçün müxtəlif içkilərə üstünlük verir. Foodinfo.az EatingWell saytına istinadla xəbər verir ki, normada qəbul edilən duzlu ayran isti günlərdə itirilən bəzi elektrolitlərin bərpasına kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, tərləmə nəticəsində orqanizm yalnız su deyil, həm də natrium kimi vacib mineralları itirir. Ayranın tərkibində olan zülallar, kalsium və faydalı bakteriyalar həzm sisteminə də müsbət təsir göstərə bilər. Bununla yanaşı, duzun həddindən artıq istifadəsinin sağlamlıq üçün arzuolunmaz nəticələr yarada biləcəyi də vurğulanır.
ABŞ-lı qidalanma üzrə mütəxəssis Samantha Cassetty qeyd edib ki, duzlu ayran xüsusilə isti havalarda yaxşı seçimlərdən biri hesab olunur. Onun sözlərinə görə, bu içki həm susuzluğun aradan qaldırılmasına, həm də orqanizmin mineral balansının qorunmasına yardım edə bilər. Ekspert yüksək təzyiq problemi olan insanların duz qəbuluna diqqət etməsini tövsiyə edir. Mütəxəssislər ayranın şəkərli qazlı içkilərlə müqayisədə daha faydalı alternativ olduğunu bildirirlər.






