
Son illərdə aparılan araşdırmalar çiyələyin təkcə yay fəsilində sevə-sevə yeyilən bir meyvə olmadığını, həm də ürək-damar sağlamlığı üçün mühüm təsirə malik olduğunu göstərir. Xüsusilə xolesterol səviyyəsinin tənzimlənməsində bu qırmızı möcüzənin rolu alimlər tərəfindən təsdiqlənib.
Foodinfo.az xəbər verir ki, İtaliya və İspaniyada keçirilən birgə elmi tədqiqatda 23 nəfər iştirakçıya 1 ay boyunca gündəlik təxminən 500 qram təzə çiyələk verilib. Nəticələr isə çox maraqlı olub:
- “Pis” xolesterol (LDL) səviyyəsi 13% azalıb,
- “Yaxşı” xolesterol (HDL) isə dəyişməyib,
- Qan damarlarının elastikliyində və iltihab göstəricilərində isə yaxşılaşma müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, bu təsir çiyələyin tərkibindəki flavonoidlər, antosiya və həll olunan liflər sayəsində mümkündür. Bu maddələr xolesterolun damar divarlarında toplanmasının qarşısını alır, onun bədəndən təmizlənməsinə kömək edir.
Əgər gündəlik rasionunuza təbii, şəkərsiz çiyələk əlavə etsəniz, bu həm xolesterolu tənzimləyə bilər, həm də immun sisteminizi gücləndirər.