Orqanizmdə “pis” xolesterinin yüksək səviyyədə olması ürək xəstəlikləri, infarkt və insultun riskini xeyli artırır. Həkimlər xolesterinin səviyyəsini salmaq üçün adətən statinləri təyin edirlər. Lakin bu dərmanların müəyyən yanaşı təsirləri var.
Alimlər sübut edir ki, maqnezium mineralı orqanizmə təbii statin kimi təsir edərək qanda “pis” xolesterinin  və triqliseridlərin səviyyəsini aşağı salır, “yaxşı” xolesterinin səviyyəsini qaldırır, ürək və damarları qoruyur. Həmçinin maqnezium arterial təzyiqi və şəkəri tənzimləməyə yardım edir, həzm proseslərini yaxşılaşdırır. Foodinfo.az Express-ə istinadla bildirir ki, alimlərin müşahidələrinə görə, maqneziumun orqanizmdə çatışmazlığı zamanı xolesterin həddindən çox miqdarda sintez olunur və damarlarda yığılmağa başlayır. Mütəxəssislər qidalanmaya maqneziumla zəngin olan məhsulları daxil etməyi tövsiyə edirlər. Bu məhsullar arasında: banan, əncir, keşyu, badam, qoz, fındıq, günəbaxan və balqabaq tumları, qarabaşaq, göyərti, bulqur, yulaf yarması, lobya, noxud.