Balanslaşdırılmış və tərəvəzlərlə zəngin qidalanma hüceyrələri vaxtından əvvəl qocalmadan qorumağa və bioloji yaşı azaltmağa kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, rasionun keyfiyyəti orqanizmin ümumi vəziyyətinə birbaşa təsir göstərir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, ailəvi qidalanma üzrə mütəxəssis Yuliya Popovanın sözlərinə görə, elmi araşdırmalar qidanın bioloji yaşa təsirini təsdiqləyir.

Onun fikrincə, çox işlənmiş məhsullar, şirin içkilər və təmizlənmiş qidalar hüceyrə qocalmasını sürətləndirə bilər. Əksinə, amin turşuları ilə zəngin qidalar hüceyrələrin əsas “tikinti materialı” rolunu oynayır və faydalı maddələrin mənimsənilməsini dəstəkləyir. Yağlar isə hormonların formalaşması üçün vacibdir. Xüsusilə həftədə iki dəfə yağlı balıq istehlakı orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edir. Mütəxəssis sürətli karbohidratların və sənaye üsulu ilə hazırlanmış yarımfabrikatların minimuma endirilməsini, təzə tərəvəz və lif mənbələrinin isə hər qida qəbulunda yer almasını tövsiyə edir.

Bundan əlavə, giləmeyvələr güclü antioksidant mənbəyi kimi hüceyrələri sərbəst radikallardan qoruyur. Yaşıl çay isə katexinlərlə zəngindir və orqanizmdə müdafiə mexanizmlərini gücləndirir. Zərdəçal və hilbə kimi ədviyyatların uzunömürlülüklə əlaqəli genlərin fəaliyyətinə müsbət təsir göstərdiyi, həzm sistemini yaxşılaşdırdığı və mədə-bağırsaq traktının funksiyalarını dəstəklədiyi vurğulanır.