Günorta yuxusu bir çoxları üçün enerjini bərpa etməyin ən xoş üsullarından biridir, amma bəzən bu istirahət əks təsir göstərərək baş ağrısı və halsızlıq yaradır. Foodinfo.az xəbər verir ki, yuxu üzrə mütəxəssis, somnoloq Sofiya Çerkasova bu problemin səbəblərini və qarşısını alma yollarını “RİA Novosti”yə açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, günorta yuxusundan sonra yaranan halsızlıq adətən dərin yuxu fazasına keçid zamanı baş verir. “Əgər insan günorta çox dərin yuxuya gedirsə, bu zaman orqanizmdə serotonin normadan artıq ifraz olunur, bu da damar tonusuna təsir edərək baş ağrısı və ümumi süstlük yaradır,” – deyə Çerkasova izah edib.

O, “təhlükəsiz günorta yuxusunun formulu” adlandırdığı qaydaya əməl etməyi məsləhət görüb: yuxunun müddəti 15–20 dəqiqədən artıq olmamalı və ən geci saat 15:00-dək bitməlidir. Belə qısa istirahət beyni və bədəni yeniləyir, amma insanın dərin yuxu mərhələsinə keçməsinə imkan vermir.

Somnoloqun fikrincə, bu üsul həm də gecə yuxusunun keyfiyyətinə müsbət təsir göstərir, çünki günortadan sonra uzun müddət yatmaq axşam yuxusuna getməyi çətinləşdirə bilər.

Əgər insan yenə də oyanandan sonra özünü halsız hiss edirsə, Çerkasova bunun üçün bir neçə sadə üsul tövsiyə edib. Qısa gəzinti, yüngül bədən hərəkətləri və bir fincan çay və ya qəhvə damar sistemini aktivləşdirir və beyinə oksigen axınını artırır.

Mütəxəssis qeyd edib ki, düzgün planlaşdırılmış 15 dəqiqəlik yuxu orqanizm üçün “mini bərpa seansı” rolunu oynayır, diqqəti artırır, stressi azaldır və günün qalan hissəsini daha enerjili keçirməyə kömək edir.