Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.
Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir:
"Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.
Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər.
Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.
Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər".