İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib. Kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar.
Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.
Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: " Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub".
Nazir qeyd edib ki, pambıq texniki bitkidir: " Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".
İ. Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib.
Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.
Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: "Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, bu gün evlərinə buraxılacaq".