Qəhvə bir çox insan üçün enerji mənbəyi olsa da, onun turşuluğu və kofeinin təsiri hər kəs üçün uyğun olmaya bilər. Bu səbəbdən alternativ içkilərə maraq getdikcə artır. Foodinfo.az sovets saytına istinadla xəbər verir ki, təbii mənşəli bəzi içkilər həm enerji verir, həm də orqanizmə əlavə faydalar təqdim edir.
Mütəxəssislərin fikrincə, bu alternativlər arasında ən məşhurlarından biri mate çayıdır. Bu içki antioksidantlarla zəngindir və tərkibindəki kofein sayəsində yorğunluğu azaldır, diqqəti artırır. Eyni zamanda, bəzi insanlarda qəhvəyə xas əsəbilik hissini yaratmadan daha yumşaq təsir göstərir.
Digər maraqlı seçim isə yaupon bitkisindən hazırlanan içkidir. Bu çay növü antioksidantlarla zəngin olmaqla yanaşı, tərkibində kofein və teobromin ehtiva edir. Bu maddələr qan dövranını yaxşılaşdırır və uzunmüddətli enerji təsiri yaradır. Lakin həddindən artıq istifadəsi ürək döyüntüsünün artmasına və yuxu problemlərinə səbəb ola bilər.
Sikori kökündən hazırlanan içki isə kofeinsiz alternativ kimi seçilir. Bu bitki prebiyotik lif olan inulinlə zəngindir və bağırsaq sağlamlığını dəstəkləyir. Dad baxımından qəhvəyə bənzəsə də, daha yumşaq və az acı olur. Bəzi insanlar onu qəhvə ilə qarışdıraraq daha balanslı dad əldə edirlər.
Matça çayı da son illərdə populyarlıq qazanan alternativlərdəndir. Bu içki yüksək miqdarda antioksidant ehtiva edir və tərkibində olan kofein sayəsində diqqəti artırır. Eyni zamanda, təsiri daha uzunmüddətli və sabit olur.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, hər bir içki fərdi orqanizmə müxtəlif cür təsir göstərə bilər. Ona görə də bu alternativləri seçərkən ölçüyə riayət etmək və şəxsi həssaslıqları nəzərə almaq vacibdir.






