Kartof uzun illərdir qidalanma mövzusunda mübahisələr doğuran məhsullardan biridir. Bəzi mütəxəssislər onun tez-tez istifadə olunmasını məhdudlaşdırmağı tövsiyə etsə də, yeni araşdırmalar kartofdan tam imtinanın düzgün olmadığını göstərir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, amerikalı alimlərin apardığı araşdırma kartofun rasiondan tam çıxarılmasının orqanizmdə vacib maddələrin çatışmazlığına səbəb ola biləcəyini ortaya qoyub.
Tədqiqat ABŞ-da A. Eynşteyn adına Tibb Kollecinin alimləri tərəfindən aparılıb. Alimlər bildirirlər ki, bəzi insanlar kartofun kökəlməyə, həzm problemlərinə və diabet riskinə səbəb olduğunu düşünərək bu məhsuldan uzaq dururlar. Lakin araşdırma nəticələri bu fikirlərin tam əsaslı olmadığını göstərib.
Eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Hər iki qrup eyni miqdarda kalori qəbul etsə də, onların qida rasionu fərqli olub. Bir qrup kartofdan istifadə edib, digər qrup isə kartofu əsasən taxıl məhsulları ilə əvəzləyib.
Nəticədə məlum olub ki, kartofu taxıl məhsulları ilə əvəz edən iştirakçıların qan analizlərində kalium, B6 və C vitaminlərinin, həmçinin qida liflərinin səviyyəsi daha aşağı olub. Alimlər qeyd edirlər ki, kartofda olan karbohidratlar və digər qida maddələri taxıl məhsullarındakı maddələrlə tam əvəz oluna bilmir.
Mütəxəssislər bildirirlər ki, kartof düzgün hazırlanaraq və ölçülü şəkildə istehlak edildikdə sağlam qidalanmanın faydalı hissəsi ola bilər.






