Ölkəmizdən Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir. Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, aparılan danışıqların məntiqi nəticəsi və Agentlik tərəfindən təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müəyinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, mart ayının 5-dən etibarən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb. AQTA bundan sonra da Rusiya Federasiyasının müvafiq qurumu ilə qarşılıqlı etimad şəraitində sıx əməkdaşlığı davam etdirəcəkdir.