Pomidor həm dadı, həm də tərkibindəki faydalı maddələrə görə sevilən tərəvəzlərdəndir, lakin çox zaman tez xarab olur. Foodinfo.az  “Onet” portalına istinadla pomidorların təravətini uzun müddət qorumağın sınaqdan keçmiş üsulunu təqdim edir.

Mütəxəssislərin sözlərinə görə, pomidorların tez yumşalmasının əsas səbəbi onların nazik qabığı və yüksək rütubət tərkibidir. Buna görə də onları düzgün formada saxlamaq vacibdir.

Qida tullantılarının qarşısını almağa yönəlmiş Too Good To Go layihəsinin aşpazları sadə, amma çox effektiv üsul təklif edirlər — pomidorları yüngülcə sobada qurudub zeytun yağı ilə doldurmaq. Bu üsul həm onların saxlanma müddətini artırır, həm də ləzzətini gücləndirir.

Metod belədir:

  • Pomidorları yuyun və qurulayın, dilimlərə doğrayın;

  • Pərqament kağızı sərilmiş soba listinə düzün və bir az duzlayın;

  • 120°C temperaturda təxminən 2–3 saat bişirin;

  • Hazır olan isti pomidorları bankaya yığın, üzərinə ilıq (qaynamamış) zeytun yağı əlavə edin;

  • İstəyə görə sarımsaq və reyhan, keklikotu və ya rozmarin kimi ədviyyatlar əlavə edin.

Bankanı soyutduqdan sonra onu soyuducuda saxlamaq olar. Bu üsulla hazırlanmış pomidorlar bir neçə həftə təzə qalır, həm də salat, makaron, sendviç və ət yeməklərinə gözəl dad qatır.

Mütəxəssislər bildirirlər ki, bu üsul həm israfın qarşısını alır, həm də ev şəraitində aromatik, sağlam və təbii məhsul əldə etməyə imkan verir.