Valideynlər çox vaxt övladlarını dadlı yeməklərlə sevindirmək istəyir, lakin bəzi delikateslər uşaqların orqanizminə uyğun olmaya bilər. Foodinfo.az xəbər verir ki, pediatr və immunoloq, tibb elmləri doktoru Andrey Prodeus uşaqların menyusundan çıxarılması vacib olan məhsullar barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, duzlu balıq, qırmızı kürü və hisə verilmiş kolbasa kimi məhsullar uşaqlar üçün təhlükəli hesab olunur. Onların tərkibində çoxlu duz, yağ, konservant və rəngləndirici olur ki, bu maddələr uşağın hələ tam formalaşmamış orqanizminə mənfi təsir göstərir.
Prodeus bildirib ki, bu cür qidalar həzm sistemini yükləyir, böyrəklərə artıq yük salır və suyun-duzun balansını pozur. Üstəlik, erkən yaşda bu məhsullara öyrəşmək gələcəkdə sağlam olmayan qida vərdişlərinə səbəb ola bilər.
Həkim həmçinin pendir seçimlərinə diqqət etməyi məsləhət görüb. Onun sözlərinə görə, hisə verilmiş, əridilmiş və kifli pendirlər uşaqlar üçün yararlı deyil, çünki çox duzlu və yağlıdır. Əvəzində duzsuz və az yağlı pendir daha uyğun sayılır.
Pediatr əlavə edib ki, uşağın menyusunda bişmiş və ya buxarda hazırlanmış balıq, tərəvəz, taxıl məhsulları və meyvələr üstünlük təşkil etməlidir. Bu cür qidalar həm böyüməni dəstəkləyir, həm də immuniteti gücləndirir.
“Ən əsası, uşaqların əsas yeməkləri heç vaxt kolbasa və pendirli sendviçlərlə əvəz olunmamalıdır. Uşağın qidası balanslı, vitamin və zülalla zəngin olmalıdır,” – deyə Prodeus tövsiyə edib.






