"Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır".
Foodinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir. İndi bu işlər gedir. Laborator tədqiqatlar, torpaqların təhlili, münbitliyi – bu işlər çox böyük dəqiqliklə aparılmalıdır və fermerlərə tövsiyə verilməlidir ki, hansı torpaqda hansı məhsul əkilərsə bunun daha çox səmərəsi olacaqdır.