Qidalanma yalnız fiziki ehtiyac deyil, həm də psixoloji və sosial prosesdir. Mütəxəssislər bildirirlər ki, yeməyə həddindən artıq bağlılıq yaratmaq sağlam yanaşma sayılmır və insanın qida ilə münasibətini balanslı saxlamaq vacibdir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq-nutrisioloq Roman Pristanski qidanın həyatımızda vacib rol oynadığını, lakin onu “kult” səviyyəsinə qaldırmağın doğru olmadığını bildirib. Onun sözlərinə görə, qidalanmada əsas prinsip müxtəliflik və yeməkdən zövq almaqdır.

Mütəxəssis qeyd edib ki, qida yalnız bədəni enerji ilə təmin etmir, həm də insanların sosiallaşmasına kömək edir. Buna görə də insan qəbul etdiyi qidanın keyfiyyətinə diqqət etməli, lakin onu həyatın mərkəzinə çevirməməlidir.

Pristanski əlavə edib ki, toxluq hissi dərhal yaranmır. Yeməyi 15–20 dəqiqə ərzində yavaş-yavaş qəbul etmək daha az yeməyə və həddindən artıq qidalanmanın qarşısını almağa kömək edə bilər.

Digər dietoloq Yelena Solomatina isə bildirib ki, yaşıl qarabaşaq adi qarabaşaqdan daha faydalı hesab olunur. Onun sözlərinə görə, bu məhsul istilik emalına məruz qalmadığı üçün daha çox qida maddələrini saxlayır və çox vaxt pestisidlərsiz yetişdirilir. Lakin mütəxəssis yaşıl qarabaşağın uzun müddət saxlanması üçün uyğun olmadığını da xatırladıb.