Mütəxəssislər tərkibində yüksək şəkər və duz olan qidaların sahurda istehlak edilməməsini tövsiyə edir.
Xüsusilə şəkər, yağ və duzla zəngin qidalar toxluq hissini azaldaraq aclıq və susuzluq hissi yaradır. Ona görə də uzun müddət oruc tutanlar sağlamlıqlarını qorumaq üçün belə qidalardan uzaq durmalıdırlar.
Foodinfo.az sahurda süfrəyə qoyulmaması lazım olan qidaları təqdim edir:
Duzlu pendir: Duzlu pendir susuzluğa səbəb ola bilər, çünki duz bədəndəki mayenin miqdarını sürətlə azaldır. Tüpürcək vəzilərinin fəaliyyətini ləngitməklə bədəndəki maye balansına da təsir edir. Ona görə də pendir alarkən onun tərkibindəki duza fikir verməliyik.
Mürəbbələr: Səhər yeməyində olduğu kimi sahurda da istehlak edilən ərik, çiyələk, gilas kimi meyvələrdən hazırlanan mürəbbələrin tərkibindəki şəkərin sizi uzun müddət tox saxladığı düşünülsə də, mütəxəssislər bu barədə əksini bildirirlər. Çünki mürəbbələr qan şəkərini sürətlə artıraraq tez acmağa və susuzluğa səbəb olur.
Qızardılmış yeməklər: Araşdırmalara görə, qızardılmış qidalar qısa zamanda aclığa səbəb olan qidalardandır. Karbohidratları yüksək olan və tərkibində trans yağ olan qızardılmış qidaları sahurda yedikdə oruc zamanı aclıq və susuzluq hissini artırdığı müşahidə edilib. Bundan əlavə, çəki artımına səbəb ola bilər. Mütəxəssislər bu səbəbdən sahurda heç vaxt belə qidaların qəbul edilməməsi lazım olduğunu vurğulayırlar.
Kartof: Kartof da tez acdıran qidalar arasındadır. Həmçinin qızardılmış halda istehlak edildikdə sağlamlığa da zərər verə bilər.
Təzə sıxılmış şirələr: Meyvələr vitamin, mineral və lif baxımından zəngin olan qidadır. Bununla belə, təzə sıxılmış meyvə şirəsi çoxlu şəkər qəbuluna və tez aclığa səbəb ola biləcəyi üçün sahurda içmək tövsiyə edilmir.
Emal olunmuş məhsullar: Emal edilmiş məhsullar, xüsusilə kolbasa, salam və konserv sortları yüksək yağ tərkibinə malikdir və onların xarab olmasının qarşısını almaq üçün əlavə edilən inqrediyentlər zərərli ola bilər. Bu qidaları yeyərkən bədən həzm zamanı artıq maye istifadə edir ki, bu da bədəndəki maye balansına təsir edir və daha tez acmağa səbəb olur.