
Çayı yanlış şəraitdə saxlamaq onun dadını və faydasını itirməsinə, hətta zərərli hala çevrilməsinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, ROSBİOTEX Universitetinin professoru Marina Moyseyak Lenta.ru-ya açıqlamasında çayın saxlanma qaydalarının çox önəmli olduğunu bildirib.
Onun sözlərinə görə, çay yarpaqları və paket çaylar 0–18 °C temperatur aralığında, şüşə, keramika və ya farfor qablarda, qapağı kip bağlanan vəziyyətdə saxlanmalıdır. Belə şəraitdə məhsul həm qoxusunu, həm də təbii xüsusiyyətlərini qoruyur.
Mütəxəssis xəbərdarlıq edib ki, çayı soyuducuda saxlamaq məsləhət deyil. Çünki qabı tez-tez çıxarıb-daxil etdikdə temperatur fərqi yaranır və bu zaman çay yarpaqlarının üzərində kondensat əmələ gəlir. Nəticədə məhsulda mikrobioloji pozulma baş verir.
Moyseyak əlavə edib ki, çayın optimal saxlanma yeri yaxşı havalandırılan otaq rəfləri hesab olunur. Əsas odur ki, ocağın, mikrodalğalı sobanın və digər elektrik cihazlarının yaxınlığında saxlanmasın.
Beləliklə, çayın dadını və faydalı xüsusiyyətlərini qorumaq üçün sadə qaydalara əməl etmək kifayətdir – doğru qab seçimi, sabit temperatur və quru mühit.