
Bal əsrlərdir həm qida, həm də təbii dərman kimi istifadə olunur. Onun zəngin tərkibi immuniteti gücləndirməkdən tutmuş dərini qorumağa qədər bir çox fayda təmin edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bal düzgün və ölçülü istifadə olunmadıqda sağlamlıq üçün zərərli ola bilər.
Foodinfo.az balın faydalarını təqdim edir:
– İmmuniteti gücləndirir: Tərkibindəki antioksidantlar və fermentlər bədəni infeksiyalardan qoruyur.
– Enerji verir: Təbii şəkərlər (qlükoza və fruktoza) sayəsində tez enerji təmin edir.
– Həzm sisteminə müsbət təsir edir: Bal mədə turşusunu tənzimləyir, qəbizlik və qaz problemini azaldır.
– Boğaz ağrısını yüngülləşdirir: İltihab əleyhinə təsiri səbəbindən öskürək və soyuqdəymədə ən çox istifadə edilən təbii vasitələrdəndir.
– Dəriyə faydalıdır: Bal maskaları dəriyə nəmlik verir, iltihabı azaldır və yara sağalmasını sürətləndirir.
Balın zərərləri:
– Artıq kalori və şəkər: Həddindən artıq bal istehlakı artıq çəki və 2-ci tip şəkərli diabet riskini artırır.
– Diş çürüməsi: Tərkibindəki şəkər diş minasına zərər verə bilər.
– Allergiya riski: Bəzi insanlarda bal və ya arı məhsullarına allergik reaksiya yaradır.
– Uşaqlar üçün təhlükə: 1 yaşdan kiçik körpələrə bal vermək olmaz, çünki botulizm riski var.
– Qan şəkərinə təsir: Diabet xəstələri balı çox diqqətlə, həkim məsləhəti ilə istifadə etməlidir.
Bal faydalı qida hesab edilsə də, onu ölçülü və düzgün şəkildə istehlak etmək vacibdir. Mütəxəssislər gündəlik miqdarın 1-2 xörək qaşığından çox olmamasını tövsiyə edirlər.