Balıq zülal, Omeqa-3 yağ turşuları, D vitamini və minerallarla zəngin olduğu üçün sağlam qidalanmada mühüm yer tutur. Lakin düzgün seçilmədikdə, həm dad, həm də sağlamlıq baxımından risklər yarana bilər. 

Foodinfo.az balıq alarkən diqqət edilməli əsas məqamları təqdim edir:

1. Təzə balığın qoxusu

Balıq alarkən ilk diqqət edilməli məqam qoxudur. Təzə balıq dəniz və ya göl suyu kimi yüngül qoxuya malik olmalıdır. Əgər balıqda kəskin, xoşagəlməz, turşuya və ya ammonyaka bənzər qoxu varsa, bu, onun köhnə və ya düzgün saxlanmadığını göstərir.

2 Gözlərin və dərisinin görünüşü

Təzə balığın gözləri aydın, parlaq və yüngül şişkin olmalıdır. Əgər gözlər çökük və bulanıqdırsa, balıq artıq keyfiyyətini itirib. Dərisi isə parıltılı, təmiz və nəmli görünməlidir. Solğun, qurumuş və ya ləkəli dəri keyfiyyətsizliyə işarədir.

3. Ətin möhkəmliyi

Barmaqla balığın üzərinə basdıqda iz tezliklə yox olmalıdır. Əgər basdığınız yerdə çuxur qalırsa, bu, balığın bayat olduğunu göstərir.

4. Qəlsəmələrin rəngi

Balığın qəlsəmələri açıq qırmızı və ya çəhrayı rəngdə olmalıdır. Qəhvəyi, boz və ya qaralmış qəlsəmələr isə köhnə balığın əlamətidir.

Balıq satışda buz üzərində saxlanmalı, temperaturu isə daim 0-4 °C arasında olmalıdır. Əgər balıq uzun müddət açıq havada, xüsusən də isti şəraitdə qalıbsa, qida zəhərlənməsi riski artır.

Mütəxəssislər təbii şəraitdə tutulan balıqları daha faydalı hesab edir. Lakin bazarda çox vaxt süni şəraitdə yetişdirilənlər satılır. Bu səbəbdən alış zamanı mənşəyi barədə satıcıdan məlumat almaq vacibdir.

Əgər dondurulmuş balıq alırsınızsa, qablaşdırmanın bütöv və zədəsiz olmasına diqqət edin. Buz kristallarının çoxluğu məhsulun bir neçə dəfə dondurulub-əridildiyini göstərə bilər. Bu isə keyfiyyəti və dadı xeyli aşağı salır.

Həftədə ən azı 2 dəfə balıq yemək sağlamlıq üçün faydalıdır. Lakin keyfiyyətli seçim etmək üçün təzəliyə, saxlanma şəraitinə və mənşəyinə diqqət yetirmək mütləqdir**.

Balıq həm ürək-damar sağlamlığı, həm də beyin fəaliyyəti üçün vacib qidadır. Amma düzgün seçilmədikdə, faydasından çox zərər verə bilər.