Ağaclardan tez-tez yerə tökülən almalar hər zaman yemək üçün yararlı olmur. Bəzi hallarda belə meyvələr orqanizmə ciddi ziyan vura bilər.

Foodinfo.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən FİTs Qidalanma və Biotexnologiyalar Mərkəzinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Yuliya Sidorova bildirib ki, təzəcə düşmüş və çürümə əlaməti olmayan alma təhlükəsizdir. Onu yeməzdən əvvəl sadəcə yaxşıca yumaq kifayətdir. Lakin yerin üstündə uzun müddət qalan almaların zərbə aldığı yerlərində kif göbələkləri çoxalır. Bu göbələklərin ifraz etdiyi patulin adlı toksin isə həzm sisteminə ziyan vurur, hətta yüksək miqdarda qəbul edilərsə, daxili orqanların fəaliyyətini pozur.

Ekspertin sözlərinə görə, əgər almanın üzərində çürük hissə varsa, sağlam tərəfi kəsməklə istifadə etmək olar. Bunun üçün çürükdən ən azı 2,5–3 santimetr məsafədən kəsmək tövsiyə edilir. Əgər meyvənin üçdə birindən çoxu zədəlidirsə, onu tamamilə atmaq lazımdır.

Bioloq həmçinin diqqətə çatdırıb ki, bəzi hallarda almalar hələ ağacda ikən də mikotoksinlərlə çirklənə bilər. Belə hallar meyvənin qabığının quş və ya həşərat tərəfindən zədələnməsi zamanı baş verir. Bu zaman da göbələklər meyvənin içinə düşərək toksin əmələ gətirir.

Mütəxəssis xəbərdarlıq edib ki, patulin yüksək temperaturda bişirilmə zamanı məhv olmur, soyuducuda da fəaliyyətini dayandırmır və turşuluğa davamlıdır. Yəni çürümüş almadan hazırlanan mürəbbə, kompot və ya digər qida məhsulları da sağlamlıq üçün təhlükəli ola bilər.

Oxşar qayda digər sərt meyvələrə – armudlara da aiddir. Yumşaq meyvələr, məsələn, gavalı və ərikdə isə çürük başlayanda bütün meyvə toksinlə zəhərlənir. Buna görə də belə meyvələri istifadə etmək olmaz.

Sidorova əlavə edib ki, bəzi bağbanlar almaların yetişmə dövründə ağacın altına yumşaq örtük sərməyi məsləhət görürlər. Bu halda meyvənin yerə dəyib zədələnməsi azalır və göbələklərlə çirklənmə riski minimuma enir.