
Yaşıl çay qədim Çin və Yapon mədəniyyətlərində həm qida, həm də şəfa vasitəsi kimi istifadə olunmuşdur. Onun güclü antioksidant tərkibi, xüsusilə katexinlər və EGCG (epigallokatexin qallat), orqanizmdə yığılan toksinlərin təmizlənməsində əsas rol oynayır. Bu maddələr hüceyrə səviyyəsində bədəndə sərbəst radikallarla mübarizə aparır və zərərli maddələrin orqanizmdən atılmasını sürətləndirir.
Foodinfo.az bildirir ki, yaşıl çay qaraciyər funksiyalarını stimullaşdırır və bu orqanın detoksikasiya qabiliyyətini artırır. Eyni zamanda sidikqovucu təsiri ilə böyrəklərin fəaliyyəti güclənir və bu da bədəndə su və toksinlərin atılmasını asanlaşdırır. Dəri altında toplanan zərərli maddələrin çıxarılmasında da yaşıl çayın rolu danılmazdır.
Yaşıl çay həmçinin bədən çəkisinin tənzimlənməsində, yağların parçalanmasında və maddələr mübadiləsinin sürətlənməsində mühüm təsirə malikdir. Gündə 2-3 fincan yaşıl çay içmək bədənin təmizlənməsi ilə yanaşı, enerjini də artırır və yuxululuq hissini azaldır.
Ancaq yaşıl çayın da müəyyən dozalarda qəbul olunması vacibdir. Yüksək dozada qəbul edildikdə ürək döyüntüsünün artması və mədə turşusunun yüksəlməsi kimi təsirlər müşahidə oluna bilər. Bu səbəbdən balanslı şəkildə istifadə tövsiyə olunur.