Sarıkökün məşhurluğu onun iltihabəleyhinə təsiri ilə bağlı olsa da, bu ədviyyat düşündüyünüzdən daha fərqli təsirlərə malikdir. Foodinfo.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, həkim Soxaib İmtiyaz sarıkökün, xüsusilə də əlavələr şəklində qəbul ediləndə, həm faydalı, həm də riskli tərəflərini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, sarıkökün qəbul vaxtı olduqca vacibdir və onu yağlı yeməklərlə birgə istifadə etmək bədən tərəfindən daha yaxşı mənimsənilir.

İmtiyaz bildirib ki, sarıkökü acqarına və ya yatmazdan əvvəl qəbul etmək həzm pozuntularına, mədə turşuluğunun artmasına və yuxu prosesinə müdaxilə edə bilər. Həkim dərmanlarla qarşılıqlı təsir mövzusunda da xəbərdarlıq edib. Onun sözlərinə görə, sarıkök bəzi preparatların təsirini gücləndirərək təhlükəli nəticələr yarada bilər. Məsələn, qan durulaşdırıcı dərmanlarla birlikdə istifadə edildikdə qanaxma riskini artırır, diabet dərmanları ilə qəbul olunduqda isə qan şəkərini həddindən artıq aşağı sala bilər.

Bundan başqa, sarıkökün təzyiq dərmanlarının metabolizmini ləngidərək onların təsirini dəyişməsi də mümkündür. Mütəxəssis sarıkökün yan təsirlərindən də bəhs edib və bildirib ki, bu ədviyyat bəzi insanlarda ürəkbulanma, ishal, allergik reaksiyalar yarada bilər. O, öd kisəsinin yığılmasını sürətləndirdiyinə görə sarıkökün öd daşı olan şəxslər üçün riskli ola biləcəyini də vurğulayıb.

Sarıkökün daha bir az bilinən təsiri dəmirin mənimsənilməsinə maneə törətməsidir. Həkim qeyd edib ki, bu ədviyyat qırmızı ət, paxlalılar, yumurta və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalardakı dəmirin sorulmasını zəiflədə bilər və bu xüsusilə dəmir çatışmazlığı riski olan insanlar üçün nəzərə alınmalıdır.

Mütəxəssis xəbərdarlıq edib ki, sarıkök əlavələri hər kəs üçün təhlükəsiz deyil. Hamilə və süd verən qadınlara, eləcə də qan durulaşdırıcılar, antasidlər və ya diabet dərmanları qəbul edən insanlara bu əlavələri istifadə etmək məsləhət görülmür. Sarıkökün ağır metallar — xüsusilə qurğuşun və arsen — ilə çirklənməsi riski də mövcuddur və bu, uşaqlar, böyrək və qaraciyər xəstələri üçün təhlükə yarada bilər.