Zehni zəifliyin erkən mərhələsində bəzi əlamətlər diqqətdən yayınır, lakin onlar xəstəliyin inkişaf etdiyini göstərə bilər. Foodinfo.az Piroqov Universiteti-yə istinadla xəbər verir ki, neyropsixoloq Eypril Krouell və nevroloq Viktor Dias axşam saatlarında ortaya çıxan narahatlıq və çaşqınlığın ilkin simptom ola biləcəyini bildirib.

Onların sözlərinə görə, bu vəziyyət “gün batımı sindromu” adlanır və günün qaranlıq saatlarında insan birdən çaşqınlıq, narahatlıq və tanış mühitdə əmin olmama hissi yaşayır. Sadə ev işləri, məsələn, axşam yeməyinin hazırlanması belə qorxuducu və tanış olmayan görünə bilər.

Mütəxəssislər qeyd ediblər ki, bu sindromun əsas xüsusiyyəti tsiklikliyidir. Epizodlar bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər və adətən hər gün eyni vaxtda, axşam saatlarına yaxın təkrarlanır. Bu xüsusiyyət onu deliryadan fərqləndirir, çünki deliriya istənilən vaxt baş verə bilər və adətən kəskin problemlərin, məsələn, infeksiyanın siqnalıdır.

Ekspertlər vurğulayıb ki, əsl gün batımı sindromu zehni zəifliklə əlaqəlidir, lakin daha yüngül əlamətləri — axşam çaşqınlığı, əsəbilik və ya narahatlıq — xəstəliyin erkən mərhələlərində də görünə bilər, diaqnoz qoyulmazdan əvvəl. Bu simptomları işıq çatışmazlığı, yorğunluq, gündəlik rejimin kəskin dəyişməsi, səs-küy və bəzi dərmanlar gücləndirə və ya yarada bilər.