Sarımsaq əsrlər boyu təbii dərman kimi istifadə olunmuş və bu gün də bir çox elmi araşdırmalar onun güclü antibakterial və antiviral xüsusiyyətlərə malik olduğunu təsdiqləmişdir. Sarımsağın tərkibindəki ən əsas aktiv komponent – alisin – infeksiya törədən bakteriyalara və viruslara qarşı güclü təsir göstərir. Bu maddə orqanizmə daxil olduqda immun hüceyrələrin aktivliyini artırır.

Foodinfo.az bildirir ki, sarımsaq həm də göbələk infeksiyalarına qarşı təsirli olub, orqanizmdə mikrofloranın balansını qorumağa kömək edir. Sarımsağın tərkibində olan kükürdlü birləşmələr qan dövranını yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir. Bu təsirlər orqanizmin infeksiyalara qarşı müqavimətini artırmaqda çox önəmlidir.

Təbii antibiotik olması səbəbilə sarımsaq, bəzi hallarda yüngül infeksiyaların müalicəsində dərmansız alternativ kimi çıxış edə bilər. Xüsusilə soyuqdəymə, qrip və tənəffüs yolları infeksiyalarında sarımsaq qəbul etmək, xəstəliyin gedişatını yüngülləşdirə və sağalma müddətini qısalda bilər.

Sarımsaq eyni zamanda bağırsaq sistemində zərərli bakteriyaları öldürür, amma faydalı bakteriyalara ciddi zərər vermir. Bu xüsusiyyət onu antibiotiklərdən fərqli olaraq, mikrofloranın pozulmasına səbəb etməyən bir vasitəyə çevirir. Sarımsaq çiy halda daha təsirlidir, çünki bişirildikdə aktiv maddələrin bir hissəsi itə bilər.