
Zeytun yağı ümumiyyətlə sağlam qidalanmanın əsas komponentlərindən biri kimi qəbul olunur. Lakin onun da istifadə qaydalarına əməl olunmadıqda faydası əks təsirə çevrilə bilər. Foodinfo.az bildirir ki, xüsusilə yüksək temperaturda zeytun yağı qızdırıldıqda tərkibindəki faydalı birləşmələr parçalanır.
Bu zaman oksidləşmiş yağlar orqanizmdə iltihab və xərçəngə qədər uzanan risklər doğura bilər. Həmçinin, bəzi insanlar zeytun yağını digər qidalarla uyğunlaşdırmadan qəbul edir və bu da həzm problemlərinə yol aça bilər. Zeytun yağı yüksək kalorili məhsuldur, buna görə də pəhriz saxlayanlar üçün onun miqdarı çox önəmlidir. Doğru istifadə olunmadıqda arıqlamaq əvəzinə çəki artımına səbəb ola bilər. Salatlara çiy şəkildə əlavə edilən və soyutma yeməklərdə istifadə olunan zeytun yağı isə faydasını daha yaxşı qoruyur.
Eyni zamanda, saxta və keyfiyyətsiz yağların bazarda geniş yayılması da problem yaradır. Əksər hallarda rafinə olunmuş yağlar “zeytun yağı” adı ilə satılır və bu da istehlakçıları aldadır. Mütəxəssislər etibarlı istehsalçılardan alınan, soyuq sıxma üsulu ilə əldə olunmuş saf zeytun yağını tövsiyə edirlər.
Tərkibindəki E vitamini və antioksidantlarla zəngin olan bu yağ ürək-damar sağlamlığı üçün çox faydalıdır. Ancaq bütün faydalarına baxmayaraq, onun da düzgün şəkildə və miqdarda istifadəsi vacibdir.