
Son illər duzsuz qidalanma trendləri artmaqdadır və bir çox insan bu vərdişi sağlamlıqla əlaqələndirir. Lakin duzdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi unudulmamalıdır.
Foodinfo.az bildirir ki, natrium çatışmazlığı insanın elektrolit balansını poza və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Natrium orqanizmdə su-duz balansının qorunması, sinir impulslarının ötürülməsi və əzələ funksiyalarının düzgün işləməsi üçün vacibdir. Duzun tamamilə çıxarılması hipotoniya, başgicəllənmə, əzələ zəifliyi və konsentrasiya pozuntusu ilə nəticələnə bilər. Araşdırmalar göstərir ki, az duzla qidalanan insanlarda maddələr mübadiləsi yavaşlayır və bu da ümumi enerji səviyyəsinin azalmasına səbəb olur.
Üstəlik, duz bəzi mineralların, o cümlədən yodun orqanizmə daxil olmasının əsas mənbəyidir. Yodsuzluq isə qalxanabənzər vəzin funksiyalarında pozuntularla müşayiət oluna bilər. Əgər insan tamamilə duzsuz yeməyə öyrəşirsə, dad alma duyğusunda da zəifləmə baş verir.
Bu zaman insanlar daha çox ədviyyat və süni dadlandırıcılara müraciət edərək fərqli risklərə yol aça bilərlər. Mütəxəssislər duz qəbulunu məhdudlaşdırmağın lazım olduğunu təsdiqləsə də, tamamilə imtinanı düzgün hesab etmirlər. Ən sağlam yanaşma təbii və yodsuzlaşdırılmamış duzların balanslı miqdarda istifadəsidir.