Bitki çayları qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilsə də, onların gündəlik və nəzarətsiz istifadəsi ciddi fəsadlara yol aça bilər. Bir çox insan bu çayları “təbiidir, zərərsizdir” prinsipi ilə qəbul etsə də, hər bitki hər orqanizm üçün uyğun deyil.

Foodinfo.az bildirir ki, xüsusilə hamilə qadınlar, hipertoniya və böyrək problemi olanlar bitki çaylarını ehtiyatla istifadə etməlidirlər. Məsələn, adaçayı yüksək təzyiqə səbəb ola bilər, kəklikotu isə bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Gün ərzində üç-dörd fincandan artıq bitki çayı içmək qaraciyər və böyrək yükünü artıra bilər. Həkimlər bildirirlər ki, çoxlu sayda qarışıq bitkilərlə hazırlanan çaylar allergik reaksiyalar və hormonal pozuntular törədə bilər.

Bəzi bitkilər isə orqanizmdə qanın laxtalanmasına təsir edərək qanaxma riskini yüksəldə bilər. Üstəlik, bu çaylar dərmanların təsirini zəiflədə və ya gücləndirə bilər ki, bu da təhlükəli nəticələrə səbəb olur. İnsanların çoxu bu çayları sakitləşdirici kimi qəbul etsə də, əks təsir göstərən hallara da rast gəlinir.

Mütəxəssislər tək-tək bitkilərlə dəmlənmiş və həkim məsləhəti ilə içilən çayların daha etibarlı olduğunu vurğulayırlar. Xüsusilə axşam saatlarında içilən bəzi çaylar yuxu keyfiyyətinə mənfi təsir edə bilər. Bitki çaylarının təsir gücü bəzən dərman qədər ola bilər, ona görə də “çaydır da” deyib keçmək təhlükəlidir.