Qoz-fındıq təkcə qəlyanaltı deyil, həm də bədəni uzunmüddətli şəkildə qoruyan “super qida” hesab olunur. Foodinfo.az xəbər verir ki, Daily Mail-ə danışan ABŞ-lı diyetoloqlar Qreys Kinqsvel və Emma Dörbişir fındıq növlərinin zülal, lif və faydalı yağların güclü birləşməsi olduğunu və onların hətta ömrü uzatmağa kömək etdiyini bildiriblər. Mütəxəssislər qeyd edib ki, orqanizm qoz-fındığın bütün kalorilərini tam mənimsəmir, buna görə də onlar digər yağlı qidalar kimi çəki artımına səbəb olmur. Bu üstünlük onları sağlam qidalanmanın əvəzolunmaz hissəsinə çevirir.

Redinq Universitetinin apardığı araşdırma göstərib ki, hər səhər 50 qram qoz-fındıq yeyən insanlar düşüncə və reaksiya testlərində daha yüksək nəticə göstəriblər. Bu isə beynin fəaliyyətinə müsbət təsirin sübutudur. Dietoloq Emma Dörbişir əlavə edib ki, qarışıq qoz-fındıq fertilliyi də gücləndirir. İspaniyada aparılan klinik araşdırmada 14 həftə ərzində hər gün iki ovuc qoz-fındıq yeyən kişilərdə spermanın miqdarı, hərəkətliliyi və keyfiyyəti artıb. Digər tədqiqatlar isə göstərib ki, müntəzəm olaraq qoz-fındıq yeyən qadınlar daha az sonsuzluq problemi yaşayır. Bunun səbəbi omeqa-3 yağ turşuları və selenin hormonal balansda mühüm rol oynamasıdır.

Mütəxəssislər bildirirlər ki, hər qoz-fındıq növü orqanizmdə fərqli funksiyanı gücləndirir. Məsələn, qoz beyin üçün ən yaxşı seçimdir – tərkibindəki omeqa-3 yağ turşuları Altsheymer və insult riskini azaldır. Braziliya fındığı qalxanabənzər vəzi üçün xüsusilə faydalıdır, çünki selen və sağlam yağlarla çox zəngindir. Badem isə bağırsaq və ürək üçün əhəmiyyətlidir, yüksək E vitamini sayəsində toxumaları qoruyur və hüceyrə yaşlanmasını ləngidir.

Bununla belə, ekspertlər xəbərdarlıq edir: emal olunmuş fındıq yağlarından uzaq durmaq lazımdır. Çünki bu məhsullar təbii xüsusiyyətlərini itirir, əlavə şəkər və duzla zənginləşdirilir və sağlamlıq üçün əvvəlki qədər faydalı olmur. Elm adamları hesab edir ki, təbii halda, ölçülü miqdarda qəbul edilən qoz-fındıq bədəni qoruyur, beyni gücləndirir, ürəyi dəstəkləyir və hətta ömrü uzada bilər.