Portağal suyu C vitamini və antioksidantlarla zəngin, immun sistemini gücləndirən, enerji verən içkilərdən biri hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu içki hər kəs üçün uyğun deyil. Bəzi hallarda portağal suyu orqanizmə fayda yerinə zərər verə bilər.

Foodinfo.az xəbər verir ki, aşağıdakı hallarda portağal suyunun qəbulu məhdudlaşdırılmalıdır:

1. Mədə turşuluğu və qastriti olanlar

Portağal suyunun tərkibindəki təbii turşular mədə divarını qıcıqlandıra bilər. Xüsusilə qastrit, reflü və mədə xorasından əziyyət çəkənlər bu içkini içdikdə yanma, ağrı və narahatlıq hissi yaşaya bilərlər.

2. Şəkərli diabeti olanlar

Təbii olsa da, portağal suyu yüksək miqdarda fruktoza və təbii şəkər ehtiva edir. Bu, qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Diabet xəstələri üçün bütöv portağal yemək, şirəsini içməkdən daha təhlükəsiz sayılır.

3. Aşağı təzyiqi olan şəxslər

Portağal suyu bəzən təzyiqi azalda bilər. Buna görə də hipotoniyadan əziyyət çəkənlər içkini ehtiyatla qəbul etməlidirlər.

4. Alergiyası olanlar

Sitrus meyvələrinə qarşı allergiyası olan şəxslərdə portağal suyu qaşınma, səpki, boğazda şişkinlik və öskürək kimi əlamətlər yarada bilər.

5. Dərman qəbul edənlər

Bəzi antibiotiklər və qan durulducu dərmanlar portağal suyu ilə qarşılıqlı təsirə girə bilər. Buna görə müalicə zamanı həkimlə məsləhətləşmədən bu içkidən istifadə etmək olmaz.

Portağal suyu sağlam və faydalı içki olsa da, mədə və şəkər problemi olan, eləcə də allergiyası olan insanlar onu ehtiyatla qəbul etməlidir. Mütəxəssislər portağal suyunun təzə sıxılmış, şəkərsiz və gündə maksimum bir stəkan miqdarda içilməsini tövsiyə edirlər.