Qocalma prosesini yavaşlatmaq və bioloji yaşı azaltmaq düzgün qidalanma ilə mümkündür. Foodinfo.az xəbər verir ki, endokrinoloq və diyetoloq Anqelina Vodolazskaya qocalma əleyhinə təsir göstərən beş mühüm qidanı açıqlayıb. Onun sözlərinə görə, bu məhsulların gündəlik qidalanmaya daxil edilməsi orqanizmin cavan qalmasına kömək edir.

Mütəxəssisin tövsiyə etdiyi məhsullar bunlardır:

Yağlı balıq – Omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabın qarşısını alır, hüceyrələri zədələnmədən qoruyur və ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.

Tünd şokolad (75%-dən yuxarı kakao tərkibli) – Güclü antioksidant təsir göstərir və sərbəst radikalları zərərsizləşdirərək qocalma prosesini ləngidir.

Yaşıl çay – C vitamini və polifenollarla zəngindir. Bu maddələr hüceyrələrin yenilənməsini sürətləndirir və orqanizmi toksinlərdən təmizləyir.

Zeytun yağı – Faydalı yağ turşuları və vitaminlərlə zəngin olub, sümükləri və əzələləri möhkəmləndirir, dəriyə elastiklik verir.

Xaççiçəkli tərəvəzlər (kələm, turp və s.) – Rutin, kversetin və sulforafan kimi maddələr tərkibindədir. Bu birləşmələr orqanizmdə şiş əmələ gəlməsinin qarşısını alır.

Vodolazskaya qeyd edib ki, hətta ən faydalı qidalar belə möcüzəvi təsir göstərmir.

“Qidalanma hər bir insanın orqanizminə uyğun tənzimlənməlidir. Allergiya və fərdi xüsusiyyətlər nəzərə alınmadan hazırlanan pəhriz uzunmüddətli nəticə verməz,” – deyə həkim vurğulayıb.

Mütəxəssislərin fikrincə, sağlam və balanslı qidalanma həm bədəni, həm də dərini cavan saxlamağın ən təbii yoludur.