Ağ çörəyin sağlamlıq üçün hər zaman uyğun olmadığı barədə mütəxəssislər tez-tez xəbərdarlıq edirlər. Dietoloq və qidalanma üzrə mütəxəssis Sofiya Kovanova çörəyin bəzi növlərinin artıq çəkiyə səbəb ola biləcəyini bildirib. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, mütəxəssis xüsusilə ən zərərli hesab olunan çörək növlərini açıqlayıb.

Onun sözlərinə görə, ən zərərli çörək növü ağ undan hazırlanan ağ çörək və şirin xəmirdən bişirilən kökə və bulkalardır. Bu cür çörəklər insanı tez doyuzdursa da, toxluq hissi uzun sürmür. Nəticədə qısa müddət sonra yenidən aclıq yaranır. Ağ çörək rasionun kalori miqdarını artırsa da, bədəni vitamin və faydalı maddələrlə zənginləşdirmir.

Sofiya Kovanova qeyd edib ki, yalnız idmanla məşğul olmamışdan əvvəl bədənə sürətli enerji lazım olduqda ağ çörək müəyyən hallarda qəbul edilə bilər. Lakin arıqlamaq istəyən insanlar üçün bu çörək növü uyğun hesab olunmur. Mütəxəssis vurğulayıb ki, davamlı şəkildə ağ çörək yemək artıq çəki riskini artırır.

Həkimlər bəzi hallarda, xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı xroniki xəstəliklər kəskinləşdikdə ağ çörəkdən imtina etməyi tövsiyə edirlər. Bu səbəbdən ağ çörəyin qəbulu hər kəs üçün eyni dərəcədə uyğun sayılmır və fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.