Piylənmə və həddindən artıq yemə ilə bağlı problemlər təkcə qida vərdişlərinin pozulması deyil, çox zaman gizli psixoloji səbəblərin nəticəsi sayılır. Foodinfo.az bildirir ki, mütəxəssislər belə halların sadəcə iradə zəifliyi ilə əlaqələndirilməsinin yanlış olduğunu vurğulayırlar. Preventiv tibb üzrə həkim və qidalanma mütəxəssisi Dmitri Semiryadov qeyd edir ki, insanın içindəki boşluq, narahatlıq, özünü qəbul etməmə kimi duyğular bəzən yeməyi “çıxış yolu” kimi göstərir. Onun sözlərinə görə, bulimiya və davamlı çox yemə kimi hallar insanda fiziki deyil, psixoloji asılılıq yaradır. Bu zaman yemək müvəqqəti olaraq ağrını və narahatlığı azaldan “saxta dost” rolunu oynayır. Mütəxəssis bildirir ki, bu vəziyyətdə insanın beynində aclıq siqnalları o qədər güclü olur ki, başqa işlərə fokuslanmaq çətinləşir. Bu isə illərlə təkrarlanan “yemək – peşmançılıq – gücsüzlük” dövrünə gətirib çıxarır.
Həkim deyir ki, vəziyyəti sadələşdirib “az ye” demək xəstəyə heç bir kömək etmir. Piylənmə və bulimiya həm fiziki, həm də psixoloji fəsadlar yaradır və nəticədə bütün orqanizm zərər görür. Bulimiya zamanı diş minasının zədələnməsi, qida borusunda iltihab və kalium çatışmazlığından yaranan aritmiyalar baş verə bilər. Piylənmədə isə ürək-damar sistemi və oynaqlar ciddi yüklənir, ikinci tip şəkərli diabet riski dəfələrlə artır. Bu proses illər ərzində mədəaltı vəzinin tükənməsinə və insulinə qarşı müqavimətin formalaşmasına səbəb olur ki, nəticədə qanda şəkər səviyyəsi davamlı yüksəlir. Psixoloji tərəfdən də vəziyyət ağırdır: insan arıqlamaq istəyir, lakin depressiya, apatiya və yorğunluq onu mübarizədən uzaqlaşdırır. Semiryadov bildirir ki, bu prosesdən çıxmaq üçün insan özünə qarşı sərt deyil, anlayışlı yanaşmalıdır.
Mütəxəssis hesab edir ki, problemə təkbaşına qalib gəlmək mümkün deyil və bu diaqnoz həkim komandasının müdaxiləsini tələb edir. Psixoterapevt, psixiatr, endokrinoloq və dietoloq birlikdə çalışdıqda nəticə daha effektiv olur. Müasir tibbin yeni preparatlar və üsullar təklif etməsi bu problemə yanaşmanı daha müsbət hala gətirir. Ən önəmli addım isə diqqəti “tez arıqlamaq” arzusundan “özümü niyə belə cəzalandırıram?” sualına yönəltməkdir. İnsan özünü olduğu kimi qəbul etməli, qorxularından qaçmamalı və mütəxəssisə müraciət etməkdən çəkinməməlidir. Semiryadovun sözlərinə görə, dəstək mühiti yaratmaq da çox vacibdir — insan yaxınları ilə hisslərini bölüşdükcə bu dövrü daha rahat keçirir. Özünə qarşı anlayışlı və mərhəmətli olmaq isə bərpanın əsas təməlidir.






