İnsanın həyatının uzunömürlülüyünə təsir edən əsas orqan açıqlanıb.

e-tibb.az xəbər verir ki, bununla bağlı herontoloqlar araşdırma aparıblar. Onlar hesab edir ki, insanın uzunömürlü olmasında ən həlledici orqan bağırsaqlardır. Əvvəllər dünya elmində bu orqanın ürək olduğu bildirilir, insan ömrünün uzunluğunun ürəyin vəziyyətindən asılı olduğuna inanılırdı.

İndi isə qeyd olunur ki, insan həyatı və uzunömürlülüyə genetik meyl də daxil olmaqla bir çox faktorlar təsir etsə də, bu mənada bağırsaqların vəziyyəti daha həlledici rol oynayır.

Bağırsaqlarda zərərli və ya faydalı mikroorqanizmlərin olması fərdin sağlamlığının ümumi vəziyyətini müəyyənləşdirir. Məhz bu orqanda baş verən proseslər çox vaxt fiziki həyat şərtlərini müəyyənləşdirir. Ona görə də bağırsaqlardakı zərərli bakteriyaların ümumi sayı qəbul edilən normadan çox olmamalıdır. Əks halda, mikrofloranın pozulması nəticəsində bu, sağlamlığı təhdid edir. Bağırsağın düzgün işləməməsi metabolik sindroma səbəb ola bilər və bu problemə indiki əsrdə getdikcə daha çox rast gəlinir. Səbəb faydalı və zərərli mikroorqanizmlər arasında balansın pozulması hesab olunur. Belə pozulmalar isə diabet, hipertoniya, piylənmə və qan laxtalanmasına səbəb ola bilər.

Bağırsaq mikroflorasının balansını qorumaq üçün, axşamlar süd məhsullarının da daxil edildiyi sağlam bir dietə ehtiyac duyulur.

Bundan başqa, hesab olunur ki, gündəlik təbii alma sirkəsi qəbul etmək və həkim məsləhəti ilə norma daxilində turş şərab qəbulu da bağırsaqların normal fəaliyyət göstərməsinə müsbət təsir edir.