İdmanla məşğul olan insanların sağlamlığını qoruması və bədən formasını düzgün saxlaması üçün funksional qidalanma ən effektiv seçimlərdən biridir. Foodinfo.az xəbər verir ki, bu barədə Rusiyanın keyfiyyət üzrə aparıcı qurumlarından biri olan Roskaçestvo-nun Funksional qidalanma üzrə Kompetensiya Mərkəzinin rəhbəri Mar'yam Davlekamova məlumat verib.

Onun sözlərinə görə, funksional qidalanma sadəcə dəbli bir meyil deyil, şüurlu yanaşmadır və aktiv həyat tərzini sağlamlıqla uzlaşdırmaq istəyənlər üçün əsas vasitəyə çevrilib. Belə qidalanmanın məqsədi yalnız aclığı yatırmaq deyil, həm də orqanizmi bərpaedici təsir göstərən faydalı qida maddələri ilə təmin etməkdir.

Mütəxəssis bildirib ki, müntəzəm məşq edən insanlar üçün bu qidalanma növü əzələlərin güclənməsinə, maddələr mübadiləsinin sürətlənməsinə və bədənin tez bərpa olunmasına kömək edir.

Davlekamovanın sözlərinə görə, funksional məhsullar probiotiklər, vitaminlər, minerallar, antioksidantlar və liflərlə zəngin olur. Bu isə yüksək fiziki yüklənmələr zamanı orqanizmdə yaranan dəmir, maqnezium və B qrupu vitaminlərinin çatışmazlığını kompensasiya etməyə imkan verir. Beləliklə, funksional qidalanma sərt pəhriz deyil, əksinə, enerji və tonusu dəstəkləyən, idman məqsədlərinə zərərsiz çatmağa yardım edən çevik sistemdir.

Bu məhsullara yüksək lifli funksional çörəklər və çörəkçiklər daxildir ki, onlar da həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, B vitamini ilə zəngin funksional içkilər də idmançılar üçün faydalı hesab olunur.

Ekspert xüsusi vurğulayıb ki, ən vacib məqam sertifikatlaşdırılmış funksional məhsulları seçməkdir. Bu cür mallar supermarketlərdə xüsusi nişanlarla işarələnmiş rəflərdə yerləşdirilir və laboratoriya şəraitində təsdiqlənmiş funksionallığa malik olur.