Çinlilərin ən sevimli içkisi isti sudur. Yay-qış termosda isti su daşıyan çinlilər sağlamlıq məsələsinə çox həssas yanaşırlar.
AZƏRTAC isti suyun faydaları barədə kiçik araşdırmanı təqdim edir.
İsti su içmək faydalıdır. Çinlilərin fikrincə, yeməkdən əvvəl isti su içmək həzmi asanlaşdırır. Elmi sübut olmasa da, yeməkdən əvvəl isti su içmək sağlamlıq üçün faydalı olduğuna inanılır. İsti su boğazdakı ağrıları sakitləşir, bundan başqa, burun tıxanıqlığını aradan qaldırır. Həmçinin qarın əzələlərinə sakitləşdirici təsir göstərir, müxtəlif sancıların və spazmların qarşısını alır, xüsusən də ağrıları azaldır. Bundan başqa, isti su saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur.
Artıq çəkidən xilas olmağa yardım edən isti su arıqlamaq üçün də faydalıdır. Eyni zamanda, gün ərzində qəbul edilən isti su qan dövranını tənzimləyir, sinir sistemini sakitləşdirir. Yemək arasında içilən soyuq su orqanizmdə yağları bərkidir və nəticədə köpə səbəb olur. Ancaq isti su həzm sistemini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləməkdə mühüm rol oynayır.