İstiotlu nanə yarpağı əslində təbiətdə tək, yabanı halda mövcud deyil, bir hibrid formasıdır. XVII əsrdə İngiltərədən gətirildiyinə görə ona bəzən ingilis nanəsi də deyilir.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, o, elmi təbabətdə istifadə olunan yeganə nanə növüdür. Qədim Roma filosofu və təbibi Böyük Pliniy hər zaman başında nanə çələngi gəzdirər, tələbələrinə də bunu etməyi məsləhət bilərdi. Həmin ənənə orta əsrlərə qədər davam edib.
Nanəni qədim Yunanıstan və Romada çox yüksək qiymətləndirirdilər. Onların fikrincə, nanə əhval-ruhiyyəni artırmaq, ruh yüksəkliyi yaratmaq qabiliyyətinə malikdir. Ona görə də ziyafət salonlarına nanəli su çiləyir, stolların üstünü nanə yarpaqları ilə silir, qonaqlara nanədən çələng təqdim edirdilər. Nanə həm də zehni fəaliyyəti gücləndirir.
İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. İstiotlu nanə yarpağının tərkibində külli miqdarda mentol efiri mövcuddur.
Təzə dərilmiş və xırdalanmış istiotlu nanənin yarpaqlarından üz üçün maskalar, islatma və vannalar hazırlanır, çay dəmlənilir, qidaya daxil edilir və s.
Ənənəvi təbabətdə istiotlu nanədən mentol efirinin, ürək-damar preparatlarının, məlhəmlərin, zökəm əleyhinə damcıların, öskürək əleyhinə dərmanların hazırlanmasında istifadə edilir. İstiotlu nanə yarpağı iltihab əleyhinə, sakitləşdirici, iştahaartırıcı, bəlğəmgətirici və ödqovucu təsirlərə malikdir.
1 xörək qaşığı istiotlu nanə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənilir. Alınan dəmləmədən nevroz və yuxusuzluq zamanı 1, soyuqdəymə zamanı 2 stəkan içilir.
2 çay qaşığı xırdalanmış nanə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, süzülür, ürək ağrıları zamanı gün ərzində qəbul edilir.