Soyuqdəymənin qarşısını almaq üçün mürəbbəsindən ən çox istifadə etdiyimiz meyvələrdən biri moruqdur. Ailem.az sizə ləzzətli və faydalı moruq mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
Lazım olanlar:
1 kq moruq
1 kq şəkər tozu
Hazırlanması:
Əvvəlcə moruqlar yaxşı yuyulur və süzgəcdə bir az saxlanır ki, suyu tamamilə süzülsün. Daha sonra moruqları ləyənə töküb, üzərinə şəkər tozunun yarısını səpin. Soyuq yerdə saxlayın ki, moruqlar şəkər tozunu canına çəksin. Bu zaman həm də onun öz şirəsi çıxacaq. Moruq şirəsini buraxandan sonra onu süzün və şəkər tozunun digər qalanını bu şirənin içinə tökün. Zəif ocağın üstünə qoyub şəkər tozu əriyənədək bişirin və soyudun. Soyumuş şərbətin içinə giləmeyvələri əlavə edib vam odda hazır olanadək bişirin.
Daha sonra mürəbbəni isti-isti bankalara yığıb ağzı aşağı soyuq bir yerdə saxlayın.
Nuş olsun!