Səhər yeməyi gün ərzində orqanizmin fəaliyyətinə birbaşa təsir göstərir. Foodinfo.az saytı xəbər verir ki, mütəxəssislər səhər qidasının düzgün seçilməsinin sağlamlıq üçün vacib olduğunu bildirir.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, səhər yeməyində zülal, lif və faydalı yağlarla zəngin qidaların seçilməsi daha məqsədəuyğundur. Yumurta, kəsmik, tam taxıl məhsulları və meyvələr gün ərzində enerji səviyyəsini sabit saxlayır.
Mütəxəssislər qeyd edir ki, şəkərli və çox yağlı qidalar səhər saatlarında qəbul edildikdə qısa müddətli toxluq hissi yaratsa da, tezliklə yenidən aclıq hissinə səbəb olur. Bu isə artıq qida qəbuluna gətirib çıxara bilər.
Bundan əlavə, səhər yeməyini buraxmaq maddələr mübadiləsini zəiflədə və gün ərzində halsızlıq yarada bilər. Xüsusilə işləyən insanlar üçün səhər qidası diqqət və yaddaşı gücləndirir.
Həkimlər bildirir ki, səhər yeməyində maye qəbulu da vacibdir. Su və ya şəkərsiz içkilər orqanizmin oyanmasına kömək edir.
Sonda vurğulanır ki, balanslı səhər yeməyi sağlam həyatın əsas şərtlərindən biridir və uzunmüddətli sağlamlığa müsbət təsir göstərir.






