Kəsmikli kökələr bir çox ailədə səhər yeməyinin sevilən təamlarından sayılır. Bu yeməyi fərqli və daha ətirli etmək isə olduqca asandır. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, qış mövsümündə reseptə şirəli naringi parçaları əlavə etməklə həm dadı, həm də görünüşü daha cəlbedici etmək mümkündür.

Məlumata görə, naringi ilə hazırlanan kəsmikli kökələr yüngül turşməzə dadı ilə seçilir və iştahanı artırır. Bu yemək həm böyüklər, həm də uşaqlar üçün uyğun hesab olunur. Hazırlanma qaydası isə sadə və vaxt aparmayan mərhələlərdən ibarətdir.

Əvvəlcə kəsmik yumurta, şəkər və bir çimdik duzla birlikdə yaxşıca qarışdırılır. Alınan kütləyə manna yarma və ələnmiş un əlavə edilir. Xəmirin daha yaxşı formalaşması üçün onu təxminən 20 dəqiqə dincə qoymaq məsləhətdir.

Bu arada naringilər təmizlənir, dilimlər bir neçə hissəyə bölünür və az miqdarda nişasta ilə qarışdırılır. Bu üsul meyvənin bişmə zamanı artıq şirə buraxmasının qarşısını alır. Daha sonra naringi parçaları xəmirə əlavə edilərək ehtiyatla qarışdırılır.

Hazır xəmirdən xırda kökələr formalaşdırılır və yüngülcə una batırılır. Kökələr əvvəlcədən qızdırılmış yağlı tavada hər iki üzü qızılı rəng alanadək bişirilir. Bişirmə zamanı orta oddan istifadə etmək tövsiyə olunur.

Süfrəyə verilməzdən əvvəl kəsmikli kökələrin üzərinə şəkər kirşanı səpmək və təzə meyvələrlə bəzəmək olar. Bu cür hazırlanmış naringili kökələr səhər yeməyi üçün həm dadlı, həm də iştahaaçan seçim hesab olunur.