Oynaqların sağlamlığı yalnız vitaminlərdən asılı deyil — düzgün qidalanma və hərəkətlilik onların əsas dayağıdır. Foodinfo.az xəbər verir ki, terapevt, valeoloq və qidalanma üzrə mütəxəssis Nadejda Çernışova Sports.kz-nin Pravda.Ru-ya istinadən yaydığı açıqlamada oynaqların bərpasında qidaların dərmanlardan daha təsirli ola biləcəyini bildirib.
Onun sözlərinə görə, oynaqların normal işləməsi üçün təkcə vitaminlər deyil, müxtəlif qida maddələri, kalsium və qığırdaq toxumasının yaranması üçün “tikinti materialları” lazımdır. Həkim vurğulayır ki, vitamin komplekslərini yalnız laborator nəticələrlə təsdiqlənmiş çatışmazlıq olduqda qəbul etmək məsləhətdir. Əks halda, belə əlavələr heç bir fayda vermir.
Çernışova izah edir ki, orqanizmə lazım olan maddələri hazır kapsullardan deyil, tam dəyərli qidalardan almaq daha effektivdir. Oynaqların bərpası üçün menyuda kalsium və kollagenlə zəngin məhsullar mütləq yer almalıdır. Mütəxəssis xüsusilə ev üsulu ilə hazırlanan yeməklərin – soyuqça, ətli bulyonlar və müxtəlif süd məhsullarının – oynaqlara həm möhkəmlik, həm də elastiklik verdiyini bildirir.
Onun sözlərinə görə, xəş kimi bulyonlu, sümük əsaslı yeməklərin tərkibində kalsium bədən tərəfindən daha rahat mənimsənilir. Süd məhsulları isə toxumaların bərpası üçün zəruri maddələri təmin edir və oynaqların gündəlik yükə davamlılığını artırır.
Həkim qeyd edir ki, pəhriz nə qədər təbii olarsa, nəticə də bir o qədər yaxşı olur: daha az yarımfabrikat, daha çox ev yeməyi oynaqların sağlamlığına müsbət təsir göstərir. Bununla yanaşı, Çernışova vurğulayır ki, oynaqların bərpasında qidalanma ilə yanaşı, müntəzəm hərəkət də zəruridir. Hətta yüngül gimnastika və gündəlik gəzintilər belə oynaqların elastikliyini və çevikliyini qorumağa kömək edir.
Mütəxəssis bildirir ki, düzgün qida və sadə gündəlik aktivlik birləşdiyi zaman oynaqlar dərmansız da daha yaxşı bərpa olunur və uzun müddət sağlam qalır.






