Artıq çəki ilə mübarizə yalnız pəhriz vasitəsi ilə aparıldıqda adətən effektiv olmur. Bir çox hallarda piylənmənin əsas səbəbi stressi yeməklə aradan qaldırmağa məcbur edən mənfi emosiyalardır. 

Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya qidalanma davranışlarının korreksiyası üzrə mütəxəssis Qalina Turetskaya danışıb.

"Artıq çəkinin ən çox yayılmış səbəbi "emosional acgözlük", emosiyaların öhdəsindən qida vasitəsi ilə gəlmək vərdişidir. Narahatlıq, nigaranlıq fonunda həddindən artıq yemək, şirin, yağlı yeməklərə can atmaq həssas, küsəyən, özünə güvənməyən insanlara xasdır", - deyə psixoloq izah edib.

Mütəxəssisin fikrincə, incə bədən quruluşu arzusunda olan bir çox insanlar, həmçinin, qidaları “yeməli” və “yeyilməməli” olanlara bölürlər ki, burada guya birincisi qrupdan olan qidalar arıqlamağa, ikincisi isə kökəlməyə səbəb olur. Lakin bu yanaşma o qədər də düzgün deyil, çünki problemin kökü çox vaxt narahatlıqlarımızda və hisslərimizdədir.

"Emosiyaları yeməklə "öldürən" insanın qida kompası səhv işləməyə başlayır. Bir tərəfdən, sağlam qidalanmaq, daha az yemək lazımdır, digər tərəfdən isə hava pis olduğu üçün və ya işdə stress yaşadığı üçün dözülməz dərəcədə şokolad yemək istəyirsən. Arıqlamaq istəyənlər emosiyaların öhdəsindən gəlmək üçün başqa bir yol tapmalıdırlar", - deyə Turetskaya məsləhət görüb.

Psixoloq, həmçinin, emosiyalara qoyulan daxili qadağalardan da çəkinmək lazım olduğunu bildirib. İradəsizlik yaratmaq cəhdləri çox vaxt daxildəki dərin münaqişələr və ya xoşagəlməz uşaqlıq xatirələrindən qaynaqlanır. Hər bir problemi tapmaq və həll etmək lazımdır.