
Axşam desertlərindən sonra gözlərdə bulanıqlıq hissi yaşayanların sayı az deyil. Foodinfo.az xəbər verir ki, bu barədə “Zərif görmə” oftalmoloji mərkəzinin həkimi Xədicət Süleymanova açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, şəkərin qəfil yüksəlməsi nəticəsində onun konsentrasiyası gözün mayesində və büllurda artır. Şəkərin bir hissəsi sorbitola çevrilir və bu maddə gözdə suyun yığılmasına səbəb olur. Nəticədə büllurun forması və işığı sındırma qabiliyyəti dəyişir ki, bu da müvəqqəti yaxın görmənin artmasına gətirib çıxarır.
Süleymanova bildirib ki, desertdən təxminən yarım saat – bir saat sonra görüntüdə pərdə hissi yaranır, təsvir dalğalanır və görmə dəqiqliyi bir neçə saat azalır. Xüsusən də gecə şirin yeməklər qəbul edildikdə təsir güclənir, səhər isə bulanıqlıq bir neçə dəqiqədən iki saata qədər davam edə bilər.
Mütəxəssis qeyd edib ki, bu hal hər iki gözdə eyni vaxtda baş verir və görüntü gah yaxına, gah da uzağa dəyişkən olur. Həmçinin kontrast həssaslıq azalır, detalları seçmək çətinləşir və çox vaxt alın nahiyəsində baş ağrısı müşahidə olunur. Şirin qidalanma ilə eyni vaxtda susuzluq, tez-tez sidiyə getmə və arıqlama da baş verə bilər.
Oftalmoloqun sözlərinə görə, bu əlamətlər xüsusilə şəkər mübadiləsi pozulmuş şəxslərdə – prediyabet, insulin müqaviməti və 2-ci tip diabeti olanlarda daha qabarıq şəkildə üzə çıxır. Şirin içkilər desertlərə nisbətən daha kəskin şəkər artımı yaradır. Həmçinin yuxusuzluq, susuz qalmaq və desertlə birlikdə alkoqol qəbulu da şikayətləri artırır.
Həkim xəbərdarlıq edib ki, görmədə bulanıqlıq iki gündən çox davam edərsə, göz qarşısında “ştor” yaranarsa, işıq saçmaları və ya rəngli dairələr müşahidə olunarsa, təcili olaraq mütəxəssisə müraciət edilməlidir. Bundan başqa, tez-tez susamaq, sidiyə çox getmək və çəki itkisi də diqqətdən qaçmamalıdır.
Süleymanova şirniyyatlardan imtina etməyi deyil, onların qəbul qaydasını dəyişməyi məsləhət görüb: sonuncu karbohidratlı yeməyi yuxudan ən azı 3-4 saat əvvəl qəbul etmək, porsiyaları azaltmaq və şirniyyatı tələsmədən yemək tövsiyə olunur. Desertin zülal və liflə birlikdə yeyilməsi və ya günorta saatlarına keçirilməsi isə daha sağlam seçim hesab edilir.